İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb, Azərbaycanın ərazi bütövlüyünə hörmət bəslədiyini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində Azərbaycanda da kənd təsərrüfatı, hərbi sənaye və telekommunikasiya sahələrində İsrailin müasir yüksək texnologiyalarına ehtiyac var və bu siyahını davam etdirmək olar. Eyni zamanda, hər iki ölkə təhsil, humanitar və mədəniyyət sahələrində layihələri inkişaf etdirirlər.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri Azərbaycan Dillər Universitetində oxuduğu “Azərbaycan-İsrail münasibətləri: multikulturalizm və tolerantlıq amili” mövzusunda mühazirəsində səsləndirib. Tədbir universitetin elmi-tədqiqat multikulturalizm laboratoriyası və İsraili və Yaxın Şərqi öyrənən Mərkəz tərəfindən təşkil edilib.
Azərbaycanın tarixi reallıqlarını yaxşı bilən Arye Qut tələbələr qarşısında çıxışında müfəssəl sənədli təqdimatın köməyi ilə Azərbaycanın yəhudi icmasının həyatı nümunəsində müsəlmanların, yəhudilərin və xristianların dinc-yanaşı yaşamasına dair nadir təcrübəni tələbə auditoriyasına şərh edərək bildirib ki, bu təcrübə bütün dünyada geniş yayılmalıdır.
Arye Qut vurğulayıb: “Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Bu torpaq bu gün də tolerantlıq və dini dözümlülük nümayiş etdirir. Azərbaycan tolerantlığının parlaq nümunələrindən biri də bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət bəslənməsidir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib kimi hiss etməyib, sıxıntı çəkməyiblər. Azərbaycanda yəhudilər özlərini Vətəndə olduğu kimi hiss ediblər. Hətta bu və ya digər səbəblər üzündən başqa ölkələrdə daimi yaşamağa köçüb getməli olanlar da Azərbaycan haqqında düşünəndə, Azərbaycan nitqini, Azərbaycan musiqisini eşidəndə bu xalqa, bu respublikaya, Bakıya görə qəribsəyir, gözləri yaşarır. Axı, yəhudilər tarix boyu müxtəlif təhlükələrlə üzləşəndə burada sığınacaq tapıblar. Azərbaycan bizim ikinci doğma evimizdir. Mən bunu şəxsi nümunəmdə təsdiq edə bilərəm”.
Ekspert özünün sənədli təqdimatı çərçivəsində tədbirdə iştirak edən tələbələrin diqqətini buna cəlb edib ki, Ermənistanla silahlı münaqişəyə və Ermənistanın Azərbaycana qarşı təcavüzünə baxmayaraq, Odlar Yurdu sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Yəni, hətta Azərbaycana münasibətdə bu haqsız, qanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də azərbaycanlıların qəlbində başqa xalqlara rəhmsizlik hissi yarada bilməyib və Azərbaycan yenə də bütün xalqlara səmimi yanaşmaqda davam edir.
Arye Qut deyib: “Azərbaycandakı yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün millətlərarası və dinlərarası münaqişələrin alovlandığı bu qəddar dünyada Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir. Azərbaycan bütün dünyaya aydın şəkildə anladır ki, o, Azərbaycan cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür və əslən Azərbaycandan olub indi ölkə hüdudlarından kənarda yaşayanların çoxu bu tolerantlıq amili ilə fəxr edir”.
İsrailli ekspert deyib: “Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Qədim Qırmızı Qəsəbə İsrail hüdudlarından kənarda bütün dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə nadir məkan, Azərbaycanın əsl qürur yeridir. Qırmızı Qəsəbədə görə biləcəkləriniz Azərbaycanda dini konfessiyaların – müsəlmanların və yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Bu gün bizdə müxtəlif dinlərə mənsub olan insanların dinc yanaşı yaşamasının və bir-birinə hörmət bəsləməsinin mümkünlüyünü göstərən real və həqiqi nümunə var”.
Qutun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqətli, həssas və səmimi münasibət göstərir. A.Qut deyib: “Prezident Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olmasına görə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən yəhudilərə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin çox hissəsinin, həm də dünyadakı yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb. Prezident İlham Əliyevin dünya birliyinin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə olan Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş səylərini İsraildə yüksək qiymətləndirirlər.
İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir, Ermənistanın işğalçı və təcavüzkar hərəkətlərini pisləyir. İsrail Azərbaycanın real və həqiqi tərəfdaşı kimi artıq 25 il ərzində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun qaytarılması məsələsində Azərbaycanı dəstəklədiyini nümayiş etdirib.
İsrailli ekspert Arye Qut çıxışının sonunda deyib: “Bu gün danılmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə münasibətləri Azərbaycan Respublikasının İsrail ilə münasibətləri qədər sıx və səmimi deyil. Bu münasibətlər İsrailin müsəlman ölkəsi ilə əməkdaşlıq münasibətlərinin modeli ola bilər. Bir neçə il bundan əvvəl Bakının mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi inşa edilib. Hazırda məhz Azərbaycanda dünyada birinci Dağ Yəhudiləri Muzeyi tikilir və yaradılır. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tale və ortaq tarix birləşdirir. Azərbaycan həqiqi mənada sivilizasiyalararası dialoqun əsl nümunəsidir. Mənə ikinci elə bir ölkə göstərin ki, - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi – orada prezidentin himayəsi altında iki sinaqoq və Yəhudi Təhsil Mərkəzi tikilmiş olsun. Düşünürəm ki, ikinci belə ölkəni sadəcə tapmazsınız”.
Sonra ekspert Azərbaycan Dillər Universitetinin tələbələrini maraqlandıran suallara cavab verib.
Bakı, 19 oktyabr 2017
AZƏRTAC