YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. Tolerantlıq isə multikulturalizmin əsas təməllərindən biridir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çıxışlarından birində belə demişdir: “Bu gün Azərbaycan dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir”.
Həqiqətən də Azərbaycan xalqının minilliklər boyu davam edən tarixində burada yaşayan müxtəlif din, məzhəb, millət mənsubları arasında ciddi mənada heç vaxt ziddiyyətlər görülməmişdir. Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin və fərqli millətlərin vətəni olmuşdur. Ulu öndər Heydər Əliyev belə deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur”. Azərbaycan həmişə atəşgah, məscid, kilsə və sinaqoqların da eyni məkanda rahatlıqla fəaliyyət göstərdiyi bir məkan olmuşdur. Cənab İlham Əliyevin dediyi kimi – “İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır”. Bu isə multikulturalizmin əsas təməlidir.
Azərbaycan bir çox dinlərin vətəni və ya azad yaşandığı bir məkandır. Bir çox mənbələrdə Zərdüşt peyğəmbərin atasının Cənubi Azərbaycandan olduğu göstərilir. Zərdüştilik e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamış, Sasanilərin təsiri ilə Şimali Azərbaycanda da zərdüştilik yayılmışdı. Şimali Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər kəsb etmişdir. Bakıda, Suraxanıda yerləşən atəşgah məbədi uzun əsrlər boyu dünya zərdüştilərinin, hətta Hindistan baş naziri İndira Qandinin ziyarət etdiyi bir yer olmuşdur. Yəhudilik isə Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Alban tarixçisi Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır. Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana Sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar. Azərbaycan xalqının formalaşmasında iştirak etmiş xəzərlər də çoxdinli idilər. Xəzərlərdə göytürk, yəhudi, ərəb, kiril əlifbaları işlənirdi. X əsrdə müsəlmanlıq yayılmağa başladı. Məscid, kilsə, sinaqoq, məbəd yanaşı tikilirdi. Əhalinin bir hissəsi yəhudi dinini qəbul etdi. Xristianlıq isə Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Şimali Azərbaycanda yerləşən Albaniyaya gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir.
Qafqaz Albaniyası və Atropatena dövrlərində azərbaycanlılar xristian və zərdüşti icmaları olaraq bir yerdə rahat yaşamış, fəaliyyət göstərmiş, VII əsrdən etibarən islamın qəbul edilməsindən sonra da bu dini tolerantlıq siyasəti, ənənəvi islamın rəhbərliyi altında davam etdirilmişdir. Təəccüblü deyil ki, bəzi yaxın Şərq ölkələrində görülən təkfirçi cərəyanlar Azərbaycanda heç vaxt hakim mövqeyə gələ bilməmişdir. İslamın Azərbaycanda qəbul edilməsi Azərbaycanın mədəni müxtəlifliyini yeni islami ünsürlərlə zənginləşdirsə də, digər din və etiqadlara bundan bir zərbə dəymədi. Azərbaycan tarixi və ədəbiyyatı bunun canlı şahididir. Lakin çox təəssüf ki, mənəvi dəyərlər sistemi olan islamı siyasiləşdirmə, təhrif edərək radikalizmə istiqamətlənmə, dindən təzyiq vasitəsi kimi istifadə meyilləri günümüzdə görülməkdədir. Müsəlmanları kafir adı altında qətl edən təkfirçi cərəyanlar, dindən, məzhəbdən siyasi alver məqsədilə istifadə edən bəzi xarici dövlətlər, təriqətlər islamın mənəvi dəyərlər sistemini yanlış əks etdirən nümunələr kimi qarşımızda durur. Təkfirçi və terrorçu dini təşkilatlar nümunəsində gördüyümüz kimi bəzi Yaxın Şərq ölkələrində müsəlman olmayanlara qarşı edilən təzyiqlər, onların qətl edilməsi, ibadətxanalarının dağıdılması nümunəsi də islam məntiqinə və Qurana ziddir. Quran xristianları “əhli-kitab” adı ilə qəbul edir və onlar haqqında “…”Biz xaçpərəstik”, – deyənləri isə onların (möminlərin) ən yaxın dostu görəcəksən” ayəsi ilə müsəlmanların xristianlara necə baxmalı olduqlarını göstərir. “Mədinə vəsiqəsi” nümunəsində olduğu kimi, İslam peyğəmbərinin müsəlmanlarla sülh içində yaşayan yəhudi qəbilələrinə və xristianlara qarşılıqlı hörmət prinsipi içində yanaşması və islam peyğəmbərinin əhli-kitab mənsublarının cənazə mərasimlərinə hörmət göstərməsi də müsəlmanlar üçün bir nümunə olmalıdır. Bu nümunənin işığı altında zatən müsəlman olan şiələrin bəzi Yaxın Şərq ölkələrində təkfirçilər tərəfindən qətl edilməsi isə tamamilə islama ziddir. Bu kimi yanlış nümunələr isə bəzi Avropa ölkələrində məscidlərin yandırılması, dinc müsəlmanlara qarşı zorakılıq meyillərinin artmasına səbəb olur. Bu kimi problemlərin həlli yolu isə öncəliklə həm müsəlman ölkələrində dini maarifçilik, dini islahatçılıq metodlarının tətbiqi və dünyaya Azərbaycan modelinin göstərilməsi ilə reallaşa bilər.
Azərbaycan XX əsrin sonlarında öz müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində mədəniyyətlər və dinlərarası dialoq siyasəti davam etdirilmiş, müxtəlif etnik və dini qrupların Azərbaycanda bir arada, qardaş kimi yaşamalarının təməli qoyulmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikasının Konstitusiyası da din və vicdan azadlığını təbliğ etməklə yanaşı, dinlər və məzhəblərarası münaqişəyə imkan yaratmamaq, bütün etiqad və dini icma nümayəndələrinin qardaş kimi birlikdə yaşama imkanını qanun şəklində ortaya qoymuşdur. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi qurumların yaradılması və fəaliyyəti də Azərbaycanda milli və dini tolerantlığın, multikulturalizmin qorunub saxlanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət bir müsəlman ölkəsi olan Azərbaycanın digər mədəniyyət mənsublarının da rahatlıqla yaşayıb fəaliyyət göstərdiyi ümumi bir vətən olduğunun nümunəsidir. Cənab İlham Əliyevin göstərdiyi kimi, “İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir”. Aydındır ki, islamın “terrorçu” formasında təqdim edilməsi müəyyən xarici qüvvələrin də marağına və islam dünyasının təriqətlər, məzhəblər savaşı burulğanında qərq olunması məqsədinə xidmət edir. “Təhsil radikalizmə qarşı başlıca qarantdır” deyən Cənab Prezidentin göstərdiyi kimi radikalizmlə və xurafatçılıqla mübarizənin ideolojik yolu isə maarifçilik, tolerantlıq, multikulturalizm və mütərəqqi milli xadimlərimizin əsərlərinin təbliği ilə mümkündür.
Əli Fərhadov
TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri
http://tumib.az/?p=3955