XX əsr çoxsaylı nailiyyətləri və kataklizmləri ilə tarixə qovuşub, lakin məhz bu əsrin meydana gətirdiyi xeyli problem qalıb. Bu sıradan millətlərarası və dövlətlərarası ziddiyyətlərin güclənməsi, ksenofobiyanın və ekstremizmin artması və s. bəşəriyyətin qarşısında ən aktual problemlər kimi durmaqda davam edir.
Onlarla mübarizədə səyləri birləşdirmək məqsədilə 20 il əvvəl Parisdə UNESCO-ya üzv dövlətlərin Baş Konfransının 28-ci sessiyasında “Tolerantlıq prinsiplərinin deklarasiyası” qəbul olunub, noyabrın 16-sı isə Beynəlxalq Tolerantlıq Günü elan edilib.
XXI əsrdə tolerantlıq “şərə müqavimət göstərməmək”, sonsuz dözümlülüyün təbliği kimi deyil, zorakılığa, qanunsuzluğa qarşı qəti çıxış, həyata fəal münasibət və insanın danılmaz hüquqlarının tanınması kimi başa düşülür.
Tolerantlıq məşhur “Mənim tərəfimdə olmayan mənim əleyhimədir” prinsipinin əvəzinə “Mənim tərəfimdə olmayan mənim əleyhimə olmaya da bilər” kimi yeni prinsip irəli sürür.
Tolerantlıq Azərbaycan cəmiyyətinə də əsrlər boyu xas olan böyük sərvətdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var” sözləri bu baxımdan xalqımızın ən yaxşı xarakteristikasıdır. Azərbaycan müxtəlif xalqların və dinlərin nadir məkanı, nadir birliyidir. Bu birliyin tarixində etnik və ya dini zəmində toqquşmalar və diskriminasiyalar olmayıb. Bu gün ölkəmizdə yaşayan xalqlar öz milli mədəniyyətlərini, dillərini inkişaf etdirmək imkanlarına malikdirlər. Ölkəmizdə məscidlərlə yanaşı, 12 kilsə (o cümlədən alban) və 6 sinaqoq fəaliyyət göstərir.
Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan hər zaman harmonik mövcud olan, müxtəlif, bir-birini tamamlayan və vahid mədəniyyət formalaşdıran, dünyada multikulturalizmin xüsusi, ən uğurlu modellərindən birinin bərqərar olduğu ərazi olub. Azərbaycan etnik, konfessional, mədəni müxtəlifliklərin unikal birliyinin nümayəndələri üçün doğma ana ola bilib. Çox ölkə və xalqlardan fərqli olaraq, onları özününkülərə və yadlara ayırmayıb, hamıya eyni qayğı və məhəbbətlə yanaşıb.
Dahi Heydər Əliyev ölkəmiz üçün taleyüklü azərbaycançılıq konsepsiyasını hazırlayanda məhz Azərbaycan cəmiyyətinin bu tarixi xüsusiyyətinə, xalqımıza xas olan dəyərlərə söykənib. Ulu Öndər vurğulayıb: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”. Öz bədxahları tərəfindən millətlərarası ayrı-seçkilik və siyasi anarxiya girdabına sürüklənən Azərbaycan onun üçün hazırlanmış qibtə olunmayacaq taledən məhz Heydər Əliyevin ümumxalq nüfuzu və müdrikliyi sayəsində qurtularaq, güclü, iqtisadi cəhətdən inkişaf edən, sabit, çiçəklənən, ərazisində yaşayan bütün millətlərin və xalqların vətəninə çevrilib. Dahi Heydər Əliyev hesab edirdi ki, «Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da — bütünlükdə hamısı azərbaycanlıdır». Onun irəli sürdüyü, əsas tərkib hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasında (25, 44, 45-ci maddələr) təsbit olunmuş azərbaycançılıq konsepsiyası ölkədə çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli mühiti təmin etdi, vətəndaşların vahid bayraq altında birləşməsində həlledici rol oynadı.
Cəmiyyətimizdə əsrlər boyu mövcud olan tolerantlıq, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması, cəmiyyətin multikultural xarakteri Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi bəsirəti və uzaqgörənliyi nəticəsində siyasi və hüquqi prinsiplər cərgəsinə yüksəldilib, Azərbaycanın dövləti siyasətinin prioritet istiqamətləri kimi qəbul edilib.
Dünyanın çox ölkələrinin dini ekstremizm, ksenofobiya, aqressiv islamofobiya, millətçilik problemləri ilə qarşılaşdığı zaman Azərbaycanın uğurlu multikulturalizm modeli, ölkədə hökm sürən tolerantlıq mühiti və konfessiyalararası əməkdaşlıq dünyanın dini liderləri, məşhur siyasi xadimləri, ədəbiyyat və incəsənət xadimləri tərəfindən dəfələrlə qeyd edilib. Bir misal gətirim. Bu il noyabrın əvvəlində ABŞ-ın yəhudi icmasının nümayəndələrindən ibarət böyük qrup Azərbaycanda olub. Onlar din xadimləri, Azərbaycan hökumətinin nümayəndələri ilə görüşlər keçirib, ölkədə fəaliyyət göstərən yəhudi sinaqoqlarına baş çəkiblər. Onlardan biri – Los-Ancelesdə Sinay məbədinin ravvini Devid Volpe vətəninə qayıtdıqdan sonra Azərbaycanda olması ilə bağlı məqalə dərc etdirib. Məqaləsində özünü ən demokratik hesab edən Avropa ölkələrində, habelə ABŞ-da dindar yəhudinin sinaqoqa getməsinin heç də asan olmadığını qeyd edən müəllif vurğulayır ki, Azərbaycan bu baxımdan çox xoşagələn istisnadır. O yazıb: “Bir həftə əvvəl Yerusəlimdə keçirilən görüşdə israilli diplomat bizim qrupumuza dedi: “Mən başıma kipa qoyub İsveçin küçələrində gəzişmək istəsəydim, bunu etməzdən əvvəl fikirləşərdim. Lakin Azərbaycanda sizə heç kimi fikir verməyəcək”. Mən bu fikrin dəqiqliyini tamamilə təsdiq edə bilərəm. Bir həftə ərzində başımda kipa küçələri gəzdim, hər yerdə insanlar mənə nəzakət və hörmətlə yanaşdılar”.
Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, “multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği, hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır”. Azərbaycan dövlətinin başçısı XXI əsrdə multikulturalizmin alternativinin olmadığını bildirərək vurğulayıb: “Bəzən eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirəm ki, biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Azərbaycanda bu sahədə toplanmış təcrübə müsbət təcrübədir”.
Azərbaycan Prezidentinin dünyada multikultural ənənələrin öyrənilməsi, dünya ictimaiyyətinin ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində təcrübəsi ilə tanış edilməsinə dair qarşıya qoyduğu vəzifə uğurla yerinə yetirilir.
Ölkədə mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində, dünya ictimaiyyətinin Azərbaycanda bərqərar olmuş tolerantlıq, multikulturalizm mühiti ilə tanış olmasında Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu var. Fondun həyata keçirdiyi «Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Mədəniyyətlərarası dialoqda qadınların rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” layihələri, dünyanın ən böyük mədəniyyət mərkəzlərində keçirilən “Azərbaycan — tolerantlıq məkanı” fotosərgiləri bu xeyirxah məqsədlərə xidmət edir.
Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müvafiq sahədə böyük işlər görür. Mərkəz millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirir (məsələn, “Azərbaycan multikulturalizminə səyahət”, “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi”, habelə Azərbaycan multikultualizminin ədəbi-bədii, elmi-fəlsəfi mənbələrinə həsr edilən seriyaların hazırlanması və nəşri).
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib: “Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi”.
Seyfəl Həsənov
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi
http://multikulturalizm.gov.az/2015/11/14/tolerantliq-ferqliliye-hormetdir/